Pərvin Nurəliyeva

Pərvinin ilk esseləri, publisistik qeydləri «525-ci qəzet»in səhifələrində işıq üzü görüb. Sonralar Pərvin «525-ci qəzet»də Azərbaycanın tanınmış yazıçıları, şairləri, ziyalıları ilə maraqlı müsahibələr təqdim etməyə başladı. Pərvinin ilk maraqlı hekayəsi - «Qar yağacaq» hekayəsi oldu. Bu hekayədəki zəngin müşahidələr, insan psixologiyasının dərin qatlarına enmək bacarığı və nikbin sonluqla nəticələnən maraqlı süjet xətti oxucuları yeni bir nasirin gəlişinə inandırmaq gücündə idi. Daha sonralar Pərvin bu cür hekayələr yazmaqda davam etdi, onun «Samir üçün», «Şərq şirniyyatı» hekayələri də dərin psixoloji qatlarla, nikbinliklə dolu idi. Pərvinin «Balerina» kino-povesti də maraqlı yeniliklərlə, sözlərin doğurduğu assosiativ ifadələrlə əvəz olunması ilə diqqəti cəlb edir.