Paulo Koelyo

Paulo Koelyo (port. Paulo Coelho) – (portuqalca tələffüzü [ˈpawlu koˈeʎu]; 24 avqust 1947[1][2][3][…], Rio-de-Janeyro, Rio-de-Janeyro, Braziliya[4]) — tanınmış Braziliya yazıçısı və şairi. Paulo Koelyo Braziliyanın Rio de Janeyro şəhərində anadan olub. Yeniyetmə ikən Paulo yazıçı olmaq istəyirdi. Həmin dövrdə anasına yazıçı olmaq arzusunu bildirərkən, anası "Əzizim, sənin atan mühəndisdir. O, yüksək məntiqə və savada sahibdir. Bilirsən yazıçılar necə olur?" söyləmişdir. Bundan sonra Koelyo belə qənaətə gəlir ki, yazıçı "həmişə eynək taxır və saçlarını daramır" və sanki "öz nəsli-nəcabəti tərəfindən anlaşılmamaq borcu və vəzifəsi daşıyır". Paulonun qapanıqlığı və ənənəvi düşüncələrə qarşı çıxması onun valideynlərini dəhşətli qərar verməyə vadar edir: 16 yaşında ikən Paulo Koelyo ruhi xəstəxanaya yerləşdirilir və o, xəstəxanadan 20 yaşı olanadək 3 dəfə qaçır. Sonralar Koelyo qeyd etmişdir ki, "Bu o demək deyildi ki, valideynlərim məni istəmirdilər, onlar sadəcə nə edəcəklərini bilmirdilər. Onlar bunu məni məhv etmək üçün deyil, qorumaq üçün etmişdilər".

Paulo Koelyo nadir insanlardandır ki, əsərlərini internetdə pulsuz yayımlayır. Hər ay əsərləri HarperCollins nəşriyyatının saytında oxumaq olar. Məhz bu xüsusiyyətinə görə yazıçı Jeff Jarvis "Google nə edərdi" kitabında Paulo Koelyonu "ən Google yazıçı (the Googliest author)" adlandırmışdı.