Rövşən Yerfi

Rövşən Yerfi (tam adı: Həsənli Rövşən Həsənbaba oğlu) — nasir, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993).

Rövşən Yerfi 1965-ci ilin aprelin 23-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, müxtəlif rejimli cəzaçəkmə müəssisələrində böyük inspektor vəzifəsində ədliyyə mayoru rütbəsinədək xidmət etmişdir.

2014-2015-ci illərdə “Hədəf nəşrləri”ndə redaktor fəaliyyəti ilə altmışadək kitabın hazırlanmasında (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir.