Qaytarılmış cənnət

(0 İstifadəçi rəyi)   76
Con Milton
Azərbaycanca

1666-cı ildə Milton "Qaytarılmış cənnət" poemasını yazıb nəşr etdirdi. Əgər "İtirilmiş cənnət" 12 nəğmədən və 11 min misradan ibarət idisə, şairin yeni əsəri 4 nəğmə və iki min misradan ibarət idi. Burada İblisin İsanı aldada bilməməsi haqqındakı xristian əfsanəsi nəzmə çəkilmişdir. Miltonun il poemasına xas olan üsyankarlıq ruhu, "nüfuza qarşı üsyanın təntənəsi" burada yoxdur. Ona görə də bu poema sonrakı dövrlərdə "İtirilmiş cənnət" poemasına yazılmış bir son söz kimi qarşılanmışdır. Əgər "İtirilmiş cənnət"də günah etmə göstərilirsə, yeni əsərdə günahlardan təmizlənmə qələmə alınır. Adəm və Həvva aldanıb yoldan çıxırsa, günah edirsə, onların varisi olan İsa mərdanəliyi və dəyanəti ilə İblisə qalib gəlir, bəşəriyyəti cəhənnəm əzablarından qurtarır. Poemanın belə bir dini məzmun daşıması onun ideyasının "İtirilmiş cənnət"dən fərqləndiyini aydın nəzərə çatdırır. Bununla bərabər "Qaytarılmış cənnət" Miltonun bir şair kimi inkişafını nümayiş etdirir. Şair dini məzmun altında kəskin siyasi ideyalı bir əsər yaradır. Onun qəhrəmanı İsa incil mənbələrindən asılı olsa da, fikir və düşüncələri baxımından Stüartlar hakimiyyətinə, şairin nifrətlə yanaşdığı ingilis zadəganlığına qarşı qoyulmuşdur. İblis burada nüfuza qarşı üsyan edən rəhbər və qiyamçı deyildir. O özü artıq nüfuz sahibidir, insanlara və cəhənnəmə ağalıq edir, torpaqları olan bir diktatordur. Onda inamsızlıq, narahatlıq, tərəddüd və qayğı əlamətləri görünür. İblis hələ böyük bir aləmin ağasıdır. Onun ehtirasları ilə bu aləmin ehtirasları arasında qırılmaz bir əlaqə yaranmışdır. Onun hakimiyyət ehtirasları sərkərdələrə və imperatorlara keçib, onun var-dövlət ehtirası isə bütöv-bütöv insan nəsillərini yoldan çıxarmışdır. Onun sənətindəki, fikirlərindəki saxtakarlıq, yalan hələ aradan qalxmamışdır. Qəhrəmanlıq, şöhrət, şərəf haqqındakı təsəvvürlər özləri də İblisin uydurmalarından başqa bir şey deyildir. Lakin İblisin varlığına hakim kəsilən inamsızlıq, narahatlıq, öz gücsüzlü-yündən irəli gələn çılğın qəzəb İblisin və onun təmsil etdiyi bu dünyanın məhvə məhkum olduğunu xəbər verir. İsa surəti bir çox cəhətlərdən puritanlığı xatırladır. O, qalib gəlmiş ağlın təcəssümüdür. İlk poemadan fərqli olaraq burada insanın mənəvi aləminə, onun daxilində yaşayan, döyüşən ziddiyyətlərə olan maraq öz yerini dini ehkamlara verir. "Qaytarılmış cənnət" poemasında klassisist estetikasının tələblərinə meyl də xeyli güclənmişdir. Surətlərin səciyyəsi bir-birindən kəskin şəkildə fərqləndirilmişdir. İblis hər şeydən əvvəl şirnikdirib aldadan bir varlıqdırsa, İsa şirnikdirilib aldadılan bir şəxsdir. Qalan bütün mənəvi keyfiyyətlər bu əsas xüsusiyyətə tabe edilmişdir. Poemanın süjetində də bir yığcamlıq, məhdudluq duyulur, lirik ricətlər, əsas təhkiyədən kənara çıxan bütün epizodlar büsbütün atılır. İsanın bir surət kimi passivliyinə, qeyri-fəal olmasına baxmayaraq o, feodal mütləqiyyət irticasının təzyiqinə qarşı inadlı puritan müqavimətini doğru əks etdirir. İsa kimi puritanlar da bütün imtahanlardan ləyaqətlə çıxır, bərpa edilmiş mütləqiyyətin dönməz düşməni olaraq qalırdılar. Bu cəhətdən İsanın yoldan çıxarılması cəhdləri və onun aldanmaması bir çox puritanların tərcümeyi-halına uyğun gəlirdi. "Qaytarılmış cənnət" poemasında da, gördüyümüz kimi, Milton müasir ingilis gerçəkliyini, onun hərəkət və düşüncə meyllərini əks etdirmişdir. Şairin ən aktual fikir və ideyaların inikası üçün dini mövzulara müraciət etməsi isə onun dövrünün ideya səviyyəsi ilə, dini baxışların kütlələrin şüur və gündəlik həyatında dərin kök salmış ilə əlaqədar idi.

Bu e-kitab üçün rəy yoxdur.

0
0 out of 5 (0 İstifadəçi rəyi )

Bir rəy əlavə et

Qiymətləndir *

Əlaqəli e-kitablar