Con Milton

XVII əsr ingilis ədəbiyyatının ən parlaq siması Miltondur. Mütəfəkkir və inqilabçı şair olan Milton döyüşən, irəliyə doğru hərəkət edən, iztirablar və səhvlər arasından keçərək həqiqət axtaran insana himn yaradır. Onun əsərlərində XVII əsrin ən mühüm hadisələri əks olunmuş, baş verən hadisələr təhlil edilərək ümumbəşəri nəticələr çıxarılmışdır. Onun poeziyasında müşahidə olunan barokko romantizmi də, vətəndaşlıq ideyaları ilə aşılanmış klassisizm də cəmiyyətin həyatında cərəyan edən nəhəng hadisələrin təzahürü, onların dərk olunması cəhdinin ifadəsi idi. Con Milton Londonda notarius ailəsində anadan olmuşdur. Şairin atası sadiq, möhkəm əqidəli bir puritan idi, oğlunu da puritanlıq ənənələri ruhunda tərbiyə edir. Milton ilk təhsilini Müqəddəs Pavel kilsəsinin nəzdindəki məktəbdə alır. Bu məktəb ən qatı puritanlar olan Cillərin əlində idi. Miltonun dünyagörüşü və ədəbi zövqünün formalaşmasında bu məktəbin mühüm rolu olmuşdur. Varlı puritan ailələrindən çıxan əksər gənclər kimi Milton da Kembricdə oxuyur. Burada o, parlament tərəfdarları ilə feodal-zadəgan irticası tərəfdarları arasında gedən mübarizələrə qoşulur. Mütləqiyyət hakimiyyəti tərəfdarları burada nə qədər az olsalar da, çox inamla və qətiyyətlə hərəkət edirdilər. Milton müəllimlə nəsə bir siyasi məsələ ilə əlaqədar toqquşur və onu müvəqqəti olaraq universitetdən çıxarırlar. Buna baxmayaraq o, universiteti əla qiymətlərlə qurtarır. Universiteti bitirdikdən sonra Milton həyatının bir neçə ilini atasının yenicə aldığı Qorton malikanəsində yaşayır, vaxtının çoxunu kitablar arasında keçirir. Əvvəllər keşiş olmağa hazırlaşan şair sonra bu fikirdən vaz keçir. 1638-ci ildə Milton Avropa ölkələrinə səfər edir, Fransa, İtaliyada olur. O, İtaliyada daha çox ləngiyir, italyan ədəbiyyatı və klassik filologiya sahəsindəki biliyini xeyli təkmilləşdirir. İngiltərədə inqilabi hadisələrin yaxınlaşması xəbərini eşidən Milton vətənə qayıdır, siyasi mübarizələrə qoşularaq bir publisist kimi yepiskop əleyhinə çıxış edir. 40-cı illərin ortalarında o, independentlərə yaxınlaşır, onların tapşırıqlarını yerinə yetirən bir adama çevrilir. 50-ci illərdə isə independentlər respublikasının "latın katibi", yəni beynəlxalq siyasət üzrə məsləhətçi olan Milton həddindən artıq çox işlədiyindən görmək qabiliyyətini itirir. Sağlamlığının pisləşməsinə, düşmənlərinin hədələrinə baxmayaraq işdən ayrılmır. Mütləqiyyətin bərpa edilməsi onu çətin vəziyyətdə qoyur, onu edam təhlükəsi hədələyir, təzminat isə onu müflisləşdirir. Royalistlərin istehza və təhqirlərinə baxmayaraq yoxsulluq içində yaşayan şair feodal-zadəgan irticasına qarşı mübarizə aparır, respublika quruluşunun qələbəsinə inamını itirmir.

Books by Con Milton

0 Books found

No Books were found.